The tradition & historical record
2 min read · 2 sourcesTəndirçilik sənəti və çörəkbişirmə ənənələri — Azərbaycanda təndir hazırlanması, ondan istifadə edilməsi və təndirdə çörək bişirilməsi ilə bağlı ənənəvi bilik, bacarıq və mədəni təcrübələrin məcmusudur. Təndir Azərbaycan xalqının məişətində, kulinariya mədəniyyətində və sosial münasibətlərində mühüm yer tutur. Bu ənənə nəsildən-nəslə ailə daxilində müşahidə, təcrübə və şifahi ötürülmə yolu ilə çatdırılır. 2024-cü il dekabr ayında Paraqvayın paytaxtı Asunsyon şəhərində keçirilən UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 19-cu sessiyasında "Azərbaycanda təndir sənətkarlığı və çörəkbişirmə" adlı milli nominasiya faylının UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsi qərara alınmışdır. 1
Tarixi
Tarixən Azərbaycanda çörəkbişirmə vasitələri, əsasən, ocaqlar, gil və çuqun saclar, gil tavalar, təndirlər olub. Onların arasında təndirlər daha geniş yayılıb. Təndirdən istifadə ənənəsi Azərbaycanın qədim yaşayış məskənlərində formalaşmışdır. Təndirlər əsasən gildən hazırlanır və çörək, eləcə də müxtəlif ət yeməklərinin bişirilməsində istifadə olunur. Azərbaycanda ən çox yerüstü və yeraltı təndir növləri yayılmışdır. Təndirdə bişirilən çörək uzun müddət saxlanıla bildiyi üçün gündəlik qida rasionunun vacib hissəsi hesab olunur. 1
Hazırlanması
Təndir ustaları xüsusi seçilmiş gildən istifadə edərək təndir hazırlayırlar. Hazırlanma prosesi gilin yoğrulması, formaya salınması, qurudulması və yandırılmasından ibarətdir. Təndirin hazırlanması ilə bağlı biliklər adətən ailə üzvləri arasında ötürülür və uzunmüddətli təcrübə tələb edir. 1
Çörəkbişirmə ənənələri
Təndirdə çörək bişirilməsi Azərbaycanda ailə və icma həyatının mühüm elementlərindən biridir. Çörək hazırlanması zamanı ailə üzvləri, xüsusilə qadınlar birgə fəaliyyət göstərirlər. Bəzi kəndlərdə qonşular da bu prosesdə iştirak edirlər. Çörəyin ilk növbədə uşaqlara və qonaqlara təqdim edilməsi bolluq və bərəkət rəmzi hesab olunur. Təndirdə bişirilən çörək ətrafında formalaşan ənənələr ailə və qonşuluq münasibətlərinin möhkəmlənməsinə xidmət edir. 1
Mədəni əhəmiyyəti
Azərbaycan mədəniyyətində çörək müqəddəs nemət hesab edilir. Təndir və çörəkçiliklə bağlı müxtəlif inanclar, mərasimlər və folklor nümunələri mövcuddur. Çörəyin yerə düşdükdə öpülərək yüksək yerə qoyulması kimi davranışlar ona göstərilən ehtiramın ifadəsidir. Təndir ətrafında formalaşmış ənənələr qonaqpərvərlik, həmrəylik və ailə dəyərlərinin qorunmasına xidmət edir. 1
UNESCO siyahısına daxil edilməsi
2024-cü il dekabrın 3-də Paraqvayın Asunsion şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 19-cu sessiyasında "Təndirçilik sənəti və çörəkbişirmə ənənələri" Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edilmişdir. Namizədlik Azərbaycan tərəfindən təqdim olunmuşdur. 1
The text above is adapted from the Wikipedia article “Təndirçilik sənəti və çörəkbişirmə ənənələri”, available under the Creative Commons Attribution-ShareAlike 4.0 licence. 1
Təndirçilik sənəti və çörəkbişirmə ənənələri is recorded in open cultural data. The structured record cited below does not describe the practice, and this entry has not yet been reviewed by a person familiar with the tradition. 2